Bakıdakı Sərxoşluğun Ekspertizası Mərkəzində heç bir ekspertiza keçirilmədən arayışlar verilir. Bununla bağlı bu gün, 18 yanvar tarixində Baku TV reportaj çəkib.
Təqdim edilən videoda həmin tibb müəssisəsində heç bir analizdən keçmədən 10 manat müqabilində ayıqlıq barədə arayış verilir.
Arayış verən işçi videoçəkilişdən xəbər tutandan sonra jurnalistləri inandırmağa çalışıb ki, sürücünün sərxoş olmadığına şübhəsi olmasa, arayış analizsiz verilə bilər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, Respublika Narkoloji Mərkəzi sərxoşluğun ekspertizasında müvafiq arayışın alınması müqabilində həkimin vətəndaşdan 10 manat istəməsi faktı olubsa, vətəndaş bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Eyni zamanda Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir. Hadisəyə müvafiq qiymət veriləcək, təqsirkarlar cəzalandırılacaq.