Bakının daha 3 rayonunda sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqların sosial reabilitasiyası tədbirlərinə başlanıb. Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Nizami, Sabunçu və Suraxanı rayonlarında xidmətləri səyyar formada aparıb.
Tədbirlərə agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssislər qrupu da qoşulub.
Uşaqlarda davranış pozuntuları, əhvalın qeyri-sabitliyi, hiperaktivlik, adaptasiya və həmyaşıdlarla ünsiyyət problemi və s. kimi halların reabilitasiyası aparılır.
Layihə çərçivəsində psixoloji konsultasiyalar, həftədə beş dəfə reabilitasiya seansları, valideynlər üçün maarifləndirici təlim və seminarlar keçirilir.
İyun ayında başlanan layihə artıq Səbail, Yasamal, Nərimanov, Binəqədi, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edir.
Xidmətdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin prosesin keçirildiyi rayonlar üzrə filiallarına müraciət edə bilərlər.