Paytaxtın Binə qəsəbəsində eyni torpaq sahəsi 36 vətəndaşa satılıb. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Ərizəçilər iddia edirlər ki, Orxan Cəlilov adlı şəxs Binə qəsəbəsinin Atçılıq adlanan massivdə yerləşən, ərazisində yarımçıq tikili də olan torpaq sahəsini müxtəlif qiymətlərlə bir çox şəxslərə satıb.
Daha sonra aldadıldıqlarını anlayan vətəndaşlar aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Lakin işin gedişi onları qane etmir. Aldadılanlar arasında, hətta torpaq sahəsinin alqı-satqısının bütün prosesini kameraya çəkən şəxs də var.
Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib ki, daxil olan şikayətlər əsasında müvafiq polis orqanının əməkdaşları tərəfindən araşdırma aparılır. Onun nəticəsindən asılı olaraq işə hüquqi qiymət veriləcək.