Bakının 25 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi tərəfindən şagirdlərin psixoloji təzyiqə məruz qalması ilə bağlı valideyn tərəfindən yayılan məlumatla bağlı müvafiq araşdırma aparılıb, müəllimdən izahatlar alınıb. Bu haqda bu gün, 14 dekabr tarixində APA məlumat verib.
Müəllim izahatında uşaqlara psixoloji təzyiq göstərmədiyini, şagirdlərin dərsə məsuliyyət hissini artırmaq üçün irad tutduğunu bildirib. O qeyd edib ki, digər məqamlar (şagirdlərin sanitar otağına buraxılmaması, onlara qarşı kobud rəftar edilməsi) barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Sinifdə olan şagirdlərin valideynləri məktəb rəhbərliyi tərəfindən məktəbə dəvət edilərək övladlarına qarşı zorakılıq və pis rəftarın olmadığını yazılı şəkildə təsdiqləyiblər.
Məktəb rəhbərliyi intizam tədbiri olaraq müəllimə uşaqlara fərdi yanaşmadığına, onların yaşını nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssas yanaşmadığına görə töhmət verib. Belə halların təkrarlanacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilib.