Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda, Gültəkin Əsgərova küçəsində donuz ferması narahatlıq yaradır. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Xəzərxəbər-ə istinadən xəbər verir.
Sakinlər burada yerləşən donuz fermasından şikayət edirlər. Onların sözlərinə görə, kəsilmiş heyvanların içalatları evlərin yaxınlığında yerləşən su kanalına atılır. Nəticədə oradan pis qoxu gəlir və həşəratlar yığılır. Qoxuya görə insanlar pəncərəni belə aça bilmirlər. Sözügedən problem 2 ildir ki, davam edir.
“Donuzların səsindən yatmaq olmur. Körpə uşaqları qoxuya və ağcaqanadlara görə çölə çıxara bilmirik. Çöldə qapının ağzında oturmaq belə mümkün deyil”, – deyə sakinlər şikayət edirlər.
Ramana Bələdiyyəsindən məsələ ilə bağlı məlumat verilib ki, əraziyə baxış keçiriləcək, problem qısa müddətdə aradan qaldırılacaq.