Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) lentə alınan kadrlarla bağlı açıqlama verilib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Verilən məlumata görə, yanvarın 8-də saat 10:00 radələrində 24 yaşlı Səbinə Məmmədova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya isterik vəziyyətdə gətirilib. Müayinə zamanı onun 9 həftəlik hamilə olduğu məlum olub. Yaxınlarının sözlərinə görə, qız qanaxmadan əziyyət çəkir və bu səbəbdən onlar müayinə prosesinə müdaxilə etməyə çalışıblar.
Müayinə zamanı ana bətnində olan dölün vəziyyətində heç bir problem aşkar edilməyib. Lakin xəstənin yaxınları onun qan qusduğunu və hamiləliyin pozulacağını bildirdikləri üçün həkimlər tərəfindən həkim-cərrahın baxış keçirməsi təklif edilib. Yaxınları bu prosesə də mane olaraq xəstəyə sistem qoşulmasını (damardaxili infuziya) tələb ediblər, yenidən həkimlərin fəaliyyətinə müdaxilə etməyə başlayıblar.
Cərrahi baxışdan sonra qızın qanaxmasının olmadığı müəyyən edilib, ürəkbunlanma və qusmanın hamiləliyin gedişində müşahidə olunan normal hallardan biri olduğu barədə yaxınlarına məlumat verilib.
Qohumlar tərəfindən müayinə prosesinə müdaxilə edilməsi və digər xəstələrə də narahatlıq yaradılması ilə bağlı polisə müraciət göndərilib.
View this post on Instagram