Bakının Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən həyətlərdə yaşayış ola-ola söküntü işlərinə hazırlıq gedir. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az ATV News-a istinadən məlumat verir.
Sözügedən ərazidə həyətlərdə yaşayış olmasına baxmayaraq, artıq hasarlanma işləri aparılır. Sakinlərin sözlərinə görə, vətəndaşların çoxu hələ də tikinti şirkətinə razılıq verməyiblər.
“Biz hazırkı ölçüdə evlər istəyirik. Onlar da hələ bizim dediyimizlə razılaşmayıblar. 2 ailə yaşayırıq: anam, mən, qardaşım, bir qardaşım da 5 nəfərlik öz ailəsi ilə”, – deyə sakinlərin biri şikayət edir.
Əlavə olaraq, sakinləri ərazidə hasarlanmış çoxillik ağacların taleyi narahat edir.
Söküntü işlərini aparan “Kapital City” MTK-nın nümayəndəsi Kamil Məmmədovdan verilən məlumata əsasən, yaşıllıq sahəsinin tikintiyə aidiyyəti yoxdur, ağaclara toxunulmayacaq.
“Sakinlərlə danışıqlarımız davam edir. Sakinlər üçün rahat gediş-gəlişli yollar qurulacaq”, – deyə Kamil Məmmədov əlavə edib.