Bakı Zooloji Parkında noyabrın 23-də “Canlı aləmə qayğı göstərək” adlı layihə çərçivəsində ekskursiya keçiriləcək. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az xəbər verir.
Ekskursiya Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramına daxil olan və ümumtəhsil müəssisələrində fəaliyyət göstərən ekoklubların üzvləri üçün olacaq.
Layihənin əsas məqsədi Azərbaycan və dünyanın unikal flora və fauna nümunələri ilə tanışlıq, təbiətə və canlı aləmə sevgi və qayğı hisslərinin aşılanması, biomüxtəlifliyin qorunması sahəsində məlumat verilməsi, məktəblilərin dünyagörüşünün artırılması və onlarda təbiətin gözəlliyi, mükəmməlliyi haqqında aydın təsəvvür yaratmaqdır.
Tədbir saat 11:00-da Bakı Zooloji Parkı ilə Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) birgə təşkilatçılığı ilə baş tutacaq.