Bakıda yağışlar başlayandan sonra avtobuslar palçıq içində sərnişin daşıyır. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Sərnişinlər deyirlər ki, evdən təmiz paltarla çıxsalar da iş yerinə gedib çatanda həmin paltardan əsər-əlamət qalmır. Bu cür problemə qəsəbə və kəndlərə işləyən marşrutlarda daha çox rast gəlinir.
Sürücülər isə idarə etdikləri nəqliyyat vasitəsinin çirkli olmasının səbəbini müxtəlif bəhanələrlə izah edirlər. Hətta sürücülər arasında onlara həvalə olunan avtobusun ümumiyyətlə istismar müddətinin başa çatdığını deyənlər də tapıldı.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, avtobusların çirkli olmasının səbəblərindən biri həmin nəqliyyat vasitələrinin qaraj rejimində fəaliyyət göstərməməsidir: “Avtobusların bir çoxu qarajlarda saxlanılmır. Və ona görə daşıyıcı şirkətin də ümumiyyətlə xəbəri olmur ki, o avtobusun içi, çölü təmizlənir və yaxud yox. Ona görə düşünürəm ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı daşıyıcı şirkətlərin özlərinə daha böyük tələb qoymalıdırlar”.
Bakı Nəqliyyat Agentliyindən (BNA) isə bildirildi ki, onlar avtobusun təmizliyinə cavabdeh deyillər. Bəzi marşrutların yararsız vəziyyətinə gəlincə qeyd olundu ki, Bakı şəhərində avtobusların 70 faizi yenilənib. Yenilənməyən avtobus daşıyıcılarına isə müvafiq tapşırıqlar verilib.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən isə deyildi ki, Yol Polisi yalnız nəqliyyat vasitəsinin nömrəsi çirkli olduğu halda onu cərimə edə bilər.