Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz olmayan bina sakinləri ölümlə üz-üzədirlər. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Söhbət qəsəbənin Dəmiryolçular küçəsində yerləşən binadan gedir. 20 ildir təbii qazı olmayan yaşayış evinə sakinlər məcburən qaz balonları quraşdırıblar. Bu da onların həyatları üçün ciddi təhlükə yaradır.
“Bu binada 22 ədəd “canlı bomba” qoyulub. İçəridə soyuqdan dayanmaq olmur. Bizim həyatımız təhlükə altındadır. Hansı dövrdəyik ki, odun peçi yandırırıq?!” – deyə sakinlər şikayət edirlər.
Onların sözlərinə görə, qaz xətti bir neçə metr aralıqdadır və həmin xətdən qaz çəkilməsini istəyirlər.
“Azəriqaz”dan məsələ ilə bağlı bildirilib ki, araşdırma aparılacaq və müvafiq addımlar atılacaq.