Bakıda “20 Yanvar” yol qovşağının yaxınlığında, Moskva prospekti ilə Tbilisi prospekti istiqamətində hərəkət edən piyadaların həyatı təhlükə altındadır. Buna səbəb piyada səkisi ilə gedən insanların maneə ilə toqquşmaları və yolun hərəkət hissəsinə çıxmalarıdır. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Vətəndaşlar avtomobillərini qaydalara əməl etmədən saxlayan sürücülərdən narazıdırlar.
Bu ərazidə polis əməkdaşları mütəmadi olaraq xidmət aparırlar və qaydaları pozan sürücülər cərimələnirlər. Lakin polis uzaqlaşan kimi qısa zamanda eyni mənzərə yaranır.
Bu məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Araz Əsgərli qeyd edib ki, paytaxtın şimal girişi sayılan şəhərin bu hissəsində daim sıx hərəkət müşahidə olunur.
“Orada patrul əməkdaşları sutkalıq xidmət aparsalar da, problemlərin bir qisminin qarşısı alınır. Gün boyunca dayanma və durma qaydalarını pozan sürücülər aşkar edildikcə, cərimə olunurlar”, - deyə Araz Əsgərli bildirib.