Sabahdan Bakıda yeni radio yayıma başlayır. Bu haqda 17 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Azərbaycan Respublikasının Audiovizual Şurasının ümumölkə yerüstü radio yayımı üçün elan etdiyi müsabiqənin qalibi olmuş Yurd FM radiosu 18 noyabr 2022-ci il səhər saat 08:00-dan Bakı şəhərində yayıma başlayır.
Yurd FM radiosu, Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisi formatında fəaliyyət göstərəcək.
Hər kəs www.yurdfm.az saytına daxil olaraq dünyanın istənilən ölkəsindən radionu dinləyə bilər. Yeni radio Bakı və Abşeronda 90.7 FM tezliyində fasiləsiz olaraq 24 saat yayımlanacaq. Radio 2023-cü ilin birinci yarısından etibarən Azərbaycanın bölgələrində də yayıma başlayacaq.
Radionun əsas məqsədi Azərbaycan xalq musiqi janrlarının gənc nəsil tərəfindən dinlənilməsi və sevilməsi işinə töhfə vermək, müasir xalq musiqisi ifaçılarının yaradıcılığını radio efirində geniş təbliğ etməkdir.