Xəzər rayonu, Qala qəsəbəsinin sakinləri yararsız yolların vəziyyətindən narahatdırlar. Bu haqda BakuPlus.az Real TV-yə istinadən bu gün, 1 iyun tarixində xəbər verir.
“Stansiya Qala” adlanan ərazidə yol iki istiqamətə ayrılır. Sağ tərəfə gedən yolun vəziyyətindən fərqli olaraq, sol tərəfdəki yol ürəkaçan vəziyyətdə deyil.
Sakinlərin sözlərinə əsasən, nə taksi, nə də təcili tibbi yardım ünvana kimi gəlmir.
Ərazidə bağça yoxdur. Yağışlı havalarda isə ən yaxın məktəbə çatana qədər, uşaqların ayaqlarının islanması onların sağlamlığında problemlər yaradır.
Sakinlər deyir ki, yolların bu vəziyyətdə olması dükana-bazara getmələrində də çətinliklər yaradır.
Bu məsələ ilə bağlı Qala bələdiyyəsi bildirib ki, qurum yolları qismən təmir edərək, küçələrə torpaq, çınqılın tökülməsini həyata keçirir.
Xəzər Rayon İcra Hakimiyyəti isə ilin sonuna kimi qəsəbədəki bütün yollarda asfaltlanma işlərinin tamamlanacağını bildirib.