Təklif olunan əvəzedici dərmanlar nə dərəcədə etibarlıdır? Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Bəzən həkimlərin yazdıqları dərmanları apteklərdə tapmaq çətin olur. Bu səbəbdən əczaçılar müştərilərə əvəzedici dərmanlar təklif edirlər. Lakin həkimlərin tövsiyəsi olmadan alınan dərmanlar orqanizmə ciddi zərər vura bilərmi?
Vətəndaşlar bildirirlər ki, onlar bu dərmanları həkimlərin məsləhəti olmadan almırlar. Onlar əvəzedici dərmanlara güvənmədiklərini vurğulayırlar.
“Yaxşı olsa, həkim onu məsləhət görərdi. Hansısa ziyanı olmasından qorxuruq”, – deyə sakinlər bildirirlər.
Həkim Abbas Bağırov qeyd edib ki, əvəzedici dərmanlar insanların orqanizminə ciddi zərər verə və müalicənin gedişatını ağırlaşdıra bilər.
“Dərmanların tərkibi eyni yazılsa da, təsiredici maddə kifayət qədər az olur. Həmin dərmanlar qaraciyər və mədə-bağırsaq sistemində narahatlıq yarada, qanaxmalara səbəb ola bilər. Odur ki, apteklərdə təklif olunan əvəzedici dərmanları həkimlə məsləhətləşmədən almamağınız tövsiyə olunur”, – deyə həkim əlavə edib.