Bakıda ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini əvvəlki illərdə başa vura bilməyənlər üçün eksternat üzrə keçirilən aralıq imtahanlarına sənəd qəbulu başa çatıb. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verib.
İmtahanlarda iştirak etmək istəyənlərin sayı 1024 nəfərə çatıb. İmtahanlar 16-17 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə keçiriləcək.
Eksternat formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə bu pillələrdə buraxılış imtahanı vermək və təhsil haqqında müvafiq sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarını müvəffəqiyyətlə verənlər ümumi orta və tam orta təhsil haqqında attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.