Paytaxtın Xətai rayonunda ağacların qanunsuz məhv edildiyi iddia olunur. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Space-ə istinadən xəbər verir.
Hadisə rayonun Məhəmməd Hadi küçəsi, 93/99 ünvanında baş verib. Sakinlərin sözlərinə görə, öncə onlarla irigövdəli ağac kəsilərək yerində hündürmərtəbəli bina tikilməyə başlayıb. Sakinlər həmin binanın ətrafında bir neçə ağac əkəndən sonra həmin yaşıllıqlar naməlum səbəbdən qurumağa başlayıb.
Onlar bildirirlər ki, ağacları tikinti aparan şirkət qurudur və onlar şirkətin cəzalandırılmasını tələb edirlər.
Şirkətdən məsələ ilə bağlı bildiriblər ki, onların ağacların qurumasına heç bir aidiyyəti yoxdur.
“Onu deyə bilərəm ki, bizim hasarımız çəkilib oradan. Bura bizim aidiyyətimiz yoxdur. Bizim şirkətin planı var ki, yaxın günlərdə buranı, bu parkı abadlaşdıraq, burada yaşayan sakinlərin istifadəsinə verək”.
Ekologiya Nazirliyindən isə məsələni araşdıracaqlarını bildiriblər.