Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində sakinlər ərazidə bankomat olmamasından əziyyət çəkirlər. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az ATV News-a istinadən xəbər verir.
Qəsəbə ərazisində yerləşən yaşayış kompleksində 810-a yaxın ailə yaşayır, lakin orada bankomat yoxdur. Sakinlərin sözlərinə görə, burada, demək olar ki, yalnız pensiyaçılar ya əlillər yaşayırlar və onlar digər qəsəbələrə gedib pul çıxartmağa məcbur olurlar.
“Pensiyaçıyam, buradan durub Hökməli dairəsinə getməyə məcbur oluram. Gözdən əlil olduğuma görə heç avtobusa da minə bilmirəm”, – deyə sakinlər şikayət edirlər.
Banklardan məsələ ilə bağlı bildirilib ki, vətəndaşlar qaynar xəttə zəng etməklə və ya məktub ünvanlamaqla məsələnin həlli üçün müraciət edə bilərlər.