Yağışlı havalardan sonra paytaxtın bir neçə qəsəbəsində problemlər yaranıb. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az ATV News-a istinadən xəbər verir.
Yağan yağışdan sonra Suraxanı, Sabunçu və digər rayonların Bakıətrafı ərazilərində yağış suları səbəbindən yolları su basır, gölməçələr yaranır. Bu da gediş-gəlişi xeyli çətinləşdirir.
Həmin ərazilərdən biri Ramana qəsəbəsidir. Burada yağış yağan kimi tuneli su basır. Avtomobillər hərəkət edə bilmir.
“Yağış yağandan sonra 1-2 ay vəziyyət belə qalır. Avtomobillərə çox böyük ziyan dəyir. Keçmək üçün məcbur olub qarşı zolaqla hərəkət edirik. Axşam vaxtları bu səbəbdən qəza baş verə bilər. Çox təhlükəlidir”, – deyə sürücülər şikayət edirlər.
Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən bildirildi ki, sözügedən tuneldə suların kənarlaşdırılması üçün nasosxana quraşdırılıb. Suyun yığılmasına səbəb isə yağış barmaqlıqlarının yaxşı təmizlənməməsidir.
“Azərsu” ASC-dən verilən məlumata görə isə gələcəkdə Baş plana əsasən, Bakının ətraf kənd və qəsəbələrində mərkəzi kanalizasiya infrastrukturunun yaradılması nəzərdə tutulub.