Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 12 və 13 binalarının sakinləri həyətlərinin olmamasından şikayət edirlər. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
1000-dən çox insanın yaşadığı ərazidə sakinlərin istirahət etmələri üçün heç bir şərait yoxdur. Həyətin bir hissəsi qanunsuz bağçalarla zəbt edilib, bir hissəsi hasarlanıb, digərində isə avtomobillər park edilib.
“126 ailə yaşayır. Onların istirahət etmək, gəzmək, oynamaq yerlərinin hamısı buradır. Qanuna görə, 1 sakin üçün 6 kv.m istirahət zonası düşür. Burada heç 1 kv.m belə yoxdur”, – deyə sakinlər şikayət edirlər.
Onlar avtomobillərin yaratdığı təhlükədən də danışırlar. Blokdan çıxan kimi birbaşa avtomobil yoluna çıxdıqlarından sakinlər bədbəxt hadisə baş verəcəyindən qorxurlar.
Yasamal RİH-dən bildirildi ki, artıq ümumi rayon üzrə abadlıq işlərinə start verilib və sözügedən məhəllə də yenidənqurma planına daxildir. Bağçalara gəldikdə isə həmin ərazilər sakinlərin ümumi istifadəsinə veriləcək.