Bakının Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində sürücülər səkinin böyük hissəsini zəbt ediblər. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən xəbər verir.
Piyadalar üçün nəzərdə tutulan səkinin geniş olmasından istifadə edən avtomobil sürücüləri ərazini dayanacağa çeviriblər. Bundan əlavə, səkidən alternativ yol kimi istifadə edənlər də var.
“Yol gedirəm, bir də görürəm, avtomobili üstümə sürürlər. Çox narazıyıq. Uşaqla gedən var, xəstə, qoca var. Arada sürücülər piyadaları heç görmürlər”, – deyə sakinlər şikayət edirlər.
Həsən bəy Zərdabi küçəsinin Mətbuat prospekti istiqamətində olan hissəsində yolun hər iki tərəfində vəziyyət, demək olar ki, eynidir.
Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, yol qaydalarına əsasən, avtomobili səkidə saxlayanlar 20 manat, səki ilə hərəkət edənlər isə 40 manat cərimə olunurlar.