Bakının Murtuza Nağıyev küçəsindən Arif Heydərov küçəsinə dönmək qadağandır. Lakin bunu əks etdirən yol nişanı yoxdur. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Sürücülər bildirirlər ki, bu, həm qəzalara, həm qanunsuz cərimələrə səbəb olur.
Oxşar vəziyyət şəhərin digər hissələrində də müşahidə olunur. Belə ki, NZS qəsəbəsi adlanan ərazidən Babək prospektinə çıxışda sola dönməni icazə verən və ya qadağan edən hər hansı nişan quraşdırılmayıb.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, yol nişanlarını quraşdırarkən bütün məqamları – məsafə, yer və görünmə məsələlərini dəqiq təhlil etmək lazımdır.
Ərşad Hüseynovun sözlərinə görə, paytaxt yollarında belə hallar kifayət qədərdir. Sürücülər bununla, əsasən, ara küçələrdə və şəhərdaxili yollarda rastlaşırlar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektrou Araz Əsgərli öz növbəsində bildirdi ki, sözügedən problem araşdırma predmetidir və belə halları aradan qaldırmaq üçün zəruri addımlar atılır.