Bakının özəl klinikalarında qiymətlərdə kəskin artım müşahidə olunur. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Vətəndaşlar özəl klinikalarda qiymətlərin 2 dəfə artmasından narazıdırlar. Onların sözlərinə görə, əgər 2 ay əvvəl 30 AZN ödəməklə həkim qəbuluna düşmək mümkün idisə, bu gün bu məbləğ 2 dəfə artıqdır.
“Məcbur olub özəl klinikaya gedirik. Qiymətlər baha olsa da, adama baxırlar. Dövlət xəstəxanalarındakı həkimlər də özələ gedirlər”, – deyə sakinlər şikayət edirlər.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli hesab edir ki, özəl klinikalarda qiymət artımının ciddi bir əsası yoxdur. Qiymət artımı yalnız ixtisaslaşmış həkimlərin qəbulunda müşahidə olunursa, bunu başa düşmək olar. Ancaq özəl klinikalarda kütləvi qiymət artımı yolverilməzdir.
“Tibb xidmətlərin böyük bir hissəsi əlavə dəyər vergisindən azad olunub. Hazırda biz hansısa kommunal xidmətlərdə ciddi bir artım müşahidə etmirik”, – deyə o əlavə edib.
İqtisadiyyət Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə bildirildi ki, sahibkarlar qanunvericiliyə əməl etməklə öz xidmətləri üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdirlər.