Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının təntənəli bağlanış mərasimi baş tutub. Bu haqda BakuPlus.az Azərtac-a istinadən 14 mart tarixində xəbər verir.
Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış edərək qlobal pandemiyaya və sülh böhranına baxmayaraq, yarışda iştirak edən idmançılara və rəsmilərə təşəkkürünü bildirib.
M.Vatanabe əlavə edib ki, 2024-cü ildə dünya çempionatına İsrailin Holon şəhəri ev sahibliyi edəcək.
Sonra FIG prezidenti akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatını bağlı elan edib. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə FIG bayrağını M.Vatanabeyə təqdim edib. M.Vatanabe isə bayrağı İsrail Gimnastika Federasiyasının rəsmisi Zina Harrisə verib.
Gimnastların iştirakı ilə hazırlanan “Metaverse” adlı şou proqramla dünya çempionatına yekun vurulub.