7 dekabr tarixində Bakı İdman Sarayında Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Bu haqda Report məlumat verib.
Tədbirdə Gənclər və İdman Nazirinin müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev iştirak edib. Mərasimin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Yarışda bizi maraqlı mübarizə gözləyir. Növbəti Paris-2024 Yay Olimpiya Oyunlarına az qalıb. Çempionatın qalibləri bizi olimpiya təsnifat turnirlərində təmsil edəcəklər,"- Namiq Əliyev çıxışında bildirib. Fərid Mansurov tədbirdə iştirak edənləri salamlayıb və güləşçilərə uğurlar arzulayıb. Sonda isə Azərbaycan çempionatı açıq elan olunub.
Yarışlar 7, 8 və 9 dekabr tarixlərində keçiriləcək. Ölkədə davam edən karantin rejimi ilə əlaqədar yarış azarkeşsiz keçiriləcək.