Bakıda güllə atıcılığı üzrə “Mahir nişançı” yarışı keçirilib. Bu haqda BakuPlus.az bu gün, 24 fevral tarixində xəbər verir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən yarış Xətai rayonundakı 171 nömrəli tam orta məktəbdə baş tutub.
Yarışa qatılan 11 komandanın tərkibi 5 şagirddən (3 oğlan, 2 qız) ibarət olub. Yarış iştirakçıları pnevmatik tüfəngdən 3 sınaq və 5 əsas atış edərək mübarizə aparıblar.
Yarışın qalibi 171 saylı tam orta məktəb olub. Nizami rayonu 220 saylı tam orta məktəb yarışı ikinci, Qaradağ rayonu 233 saylı tam orta məktəb isə üçüncü pillədə başa vurublar.
İlk üçlüyü tutan komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilib.
[URIS id=34797]