Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri aprelin 11, 15 və 23-də hesabat xarakterli konsert proqramları ilə çıxış edəcəklər. Bu haqda 9 aprel tarixində Bakı Mədəniyyət Baş İdarəsi məlumat verib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Aprelin 11-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. Məktəbin şagirdləri konsert proqramında solist kimi musiqi nömrələrini təqdim edəcəklər.
Aprelin 15-də Filarmoniyanın Kamera və Orqan zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə məktəbin hesabat konserti baş tutacaq.
Aprelin 23-də isə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə gənc istedadların solo ifası olacaq.
Konsertlər zamanı Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.