Bakıda dünyaşöhrətli musiqiçi, violonçel ifaçısı və dirijor, həmvətənimiz Mstislav Rostropoviçin vəfatının 15-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 26 aprel tarixində xəbər verir.
Bu məqsədlə aprelin 27-də maestronun doğulduğu evdə - Rostropoviçlərin ev-muzeyində “Maestrosuz 15 il” adlı tədbir baş tutacaq.
Gecədə Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx, respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçülərinin ifasında klassik əsərlər səsləndiriləcək.
Tədbir çərçivəsində muzeyin əməkdaşı, Prezident təqaüdçüsü, İkinci Qarabağ müharibəsi qazisi, bəstəkar Vüqar Məmmədzadənin “Trio” əsərinin təqdimatı keçiriləcək.
Bununla yanaşı, kinorejissor Z.Şıxlinskinin M.Rostropoviçə həsr etdiyi “Doğma diyar” filminin yeni versiyası nümayiş olunacaq.
Sonda 150 nömrəli tam orta məktəbin şagirdləri Maestroya həsr edilmiş “Violonçel ustadı” və “Maestro və Zaman” adlı şeirləri səsləndirəcəklər.