Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Bu haqda bu gün, 5 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat verib.
Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Sərəncamla Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini və sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.