Bakının Xətai rayonu, Əhmədli kəndi, Şahin Səmədov küçəsində kanalizasiya kollektorunun üzərində tikilmiş evlər diqqət çəkib.
Bakuplus.az-a müraciət edən vətəndaşların sözlərinə görə, bir sıra evlərin kollektorun çox yaxınlığında, hətta birbaşa onun üzərində inşa edilib.
Məlumata görə, evlərin altından 1965-ci ildə çəkilmiş böyük beton kanalizasiya kollektoru keçir. İddia olunur ki, kollektorun üzərində və ətrafında ümumilikdə minə yaxın ev tikilib.
Həmin ərazidəki torpaq sahələrinin 2000-ci illərdə qəsəbə nümayəndəsi tərəfindən vətəndaşlara satıldığı deyilir. Bildirilir ki, vəziyyət çox acınacaqlıdır. Belə ki, mənzildə yaşayanlar təhlükə içindədir. Problemin 9 aya yaxındır davam etdiyi və heç bir tədbir görülmədiyi deyilir.
Vətəndaşın sözlərinə görə, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi və Xətai rayon İcra Hakimiyyəti mümkün olan köməkliyi göstərib. Ancaq Azərbaycan Su Ehtiyatları Agentliyi məsələnin həlli üçün heç bir addım atmayıb. Bakuplus.az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan Su Ehtiyatları Agentliyinə sorğu ünvanlayıb.