Bakıda qətl törətməkdə ittiham olunan Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Ceyhun Babayev barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb və iş məhkəmə baxışına verilib. Növbəti iclas noyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, hadisə iyulun 11-də Bakının Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində baş verib. 45 yaşlı Xalid Bağırov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
İstintaqın məlumatına görə, Xalid Bağırov evlərdən birinə internet kabeli çəkərkən ev sahibinin qonşusu Ceyhun Babayevlə mübahisə edib. Mübahisəyə kabel qırıntılarının küçəyə düşməsi səbəb olub. İttihama əsasən, Babayev daha sonra qonşusunun evinə daxil olaraq ona 36 bıçaq zərbəsi endirib.
Ceyhun Babayevə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
mənbə: oxu.az