Kino, zoopark, yoxsa uşaq əyləncə mərkəzi? Bakuplus.az iki uşaqla keçirilən istirahət gününün əyləncə, yemək və yol xərcləri daxil olmaqla neçəyə başa gəldiyini hesablayıb.
Azərbaycanda bayram tətili başlayıb. Bir çox valideyn üçün bu, uşaqları ilə daha çox vaxt keçirmək imkanı olsa da, əlavə xərclər də deməkdir. Çünki ailəliklə kinoya və ya əyləncə mərkəzinə getmək belə bir neçə on manat tələb edə bilər.
Bəs ailəvi istirahət üçün cəmi 50 manat ayrılıbsa, bu məbləğ kifayət edərmi? Dörd nəfərin həm əylənməsi, həm də evdən kənarda yemək yeməsi mümkündürmü?
Bakuplus.az əyləncə məkanlarının mövcud tariflərini, kinoteatrların seans cədvəllərini və ictimai iaşə obyektlərinin dərc olunmuş qiymətlərini araşdırıb.
Hesablamalar üçün dörd nəfərlik ailə götürülüb: iki valideyn və 7 və 10 yaşlarında iki uşaq. Nəzərdə tutulub ki, ailə metrodan istifadə edir, bir əsas əyləncə növü seçir və münasib qiymətli kafe və ya dönərxanada nahar edir.
Taksi, əlavə alış-veriş və bütün gün ərzində qidalanma xərcləri hesablamalara daxil edilməyib.
Birinci variant: kino və nahar üçün 50 manat kifayət edəcəkmi?
Yağışlı və küləkli havada kinoteatr ailəvi istirahət üçün ən rahat seçimlərdən biri ola bilər.
Noyabrın 7–8-nə olan seans cədvəllərini araşdırdıq. Təkliflər arasında ailəvi animasiya filmi olan "Şlyapalı pişik"in ("The Cat in the Hat") 2D formatında səhər və gündüz seanslarına 6 manatdan başlayan biletlər var.
Məsələn, noyabrın 7-də Park Bulvar ticarət mərkəzində yerləşən kinoteatrda filmin saat 11:10 və 13:10-da türk dilində, Azərbaycan dilində subtitrlərlə nümayişi nəzərdə tutulub. Oxşar təkliflər digər kinoteatrlarda da mövcuddur.
Dörd bileti 6 manatdan almaq mümkün olarsa, kinoya getmək ailəyə 24 manata başa gələcək.
Bəs nahar necə olsun?
Bakının mərkəzindəki ictimai iaşə obyektlərindən birinin onlayn menyusunda 16,90 manata ailəvi dəst müəyyən etdik. Dəstə çörəkdə beş toyuq dönəri və hər biri 200 millilitr olan beş ayran daxildir.
Bu, dörd nəfərə kifayət edir, hətta bir dönər də artıq qalır. Əlavə olaraq içməli su üçün 2 manat ayıraq.
Xərcləri hesablayaq:
Xərc| Məbləğ
Dörd kino bileti, hər biri 6 manat| 24,00 manat
Beş dönər və beş ayrandan ibarət ailəvi dəst| 16,90 manat
İçməli su| 2,00 manat
Dörd nəfərin metro ilə gediş-gəlişi| 4,80 manat
Cəmi| 47,70 manat
50 manatdan cəmi 2,30 manat qalır.
Beləliklə, kinoya getmək və sadə nahar etmək mümkündür. Lakin əlavə xərclər üçün demək olar ki, pul qalmır.
Burada iki mühüm məqam nəzərə alınmalıdır: 6 manatlıq biletlər bütün seanslarda və yerlər üçün mövcud deyil. Həmçinin onlayn menyudakı qiymətlər obyektin özündə tətbiq olunan qiymətlərdən fərqlənə bilər.
Üstəlik, hesablamaya kinoteatrda satılan popkorn və içkilər daxil edilməyib. Bunları da almaq istəsəniz, 50 manatla kifayətlənmək xeyli çətinləşəcək.
İkinci variant: zoopark və nahar — 44 manata istirahət
Bakı Zooloji Parkı xüsusilə hava şəraitinin açıq havada bir neçə saat gəzməyə imkan verdiyi günlərdə ailəvi istirahət üçün maraqlı seçimdir.
Rəsmi tariflərə əsasən, böyüklər üçün giriş bileti 7 manat, 4–16 yaşlı uşaqlar üçün isə 2 manatdır.
Beləliklə, iki böyük və iki uşağın zooparka girişi ümumilikdə 18 manata başa gəlir.
Gəzintidən sonra ailə "Gənclik" metro stansiyası yaxınlığındakı münasib qiymətli dönərxanalardan birində nahar edə bilər.
Bu ərazidə yerləşən ictimai iaşə obyektlərindən birinin dərc olunmuş menyusunu yoxladıq. Çörəkdə adi toyuq dönəri 2,50 manata, ikiqat toyuq dönəri 5 manata, ayran isə 1 manata təklif olunur.
Valideynlər üçün iki ikiqat, uşaqlar üçün isə iki adi toyuq dönəri seçək. Üzərinə dörd ayran və içməli su üçün 2 manat əlavə edək.
Xərc| Məbləğ
Böyüklər üçün iki bilet| 14,00 manat
Uşaqlar üçün iki bilet| 4,00 manat
İki ikiqat toyuq dönəri| 10,00 manat
İki adi toyuq dönəri| 5,00 manat
Dörd ayran| 4,00 manat
İçməli su| 2,00 manat
Metro ilə gediş-gəliş| 4,80 manat
Cəmi| 43,80 manat
Ailənin büdcəsində 6,20 manat qalır.
Bu məbləğlə uşaqlar üçün kiçik şirniyyat almaq və ya pulu gözlənilməz xərclər üçün saxlamaq olar.
Lakin indiki bayram günlərində belə istirahətin mühüm çatışmazlığı var — hava şəraiti.
Noyabrın 7-də Bakıda yağıntı, 8-də isə güclü külək gözlənilir. Zooparkda akvarium və terrariumlar da daxil olmaqla qapalı məkanlar olsa da, ərazinin böyük hissəsi açıq havadadır.
Buna görə də zooparka getməyi planlaşdırarkən hava şəraitini mütləq nəzərə almaq lazımdır.
Üçüncü variant: batut və uşaq oyunları — ən qənaətcil seçim
Bəs kino və zoopark əvəzinə qapalı əyləncə mərkəzini seçsək?
Bakıda fəaliyyət göstərən uşaq əyləncə məkanlarının tariflərini araşdırdıq. Məlum oldu ki, bəzi mərkəzlərdə batut zonasından bir saatlıq istifadə bir uşaq üçün 7 manatdır.
Məsələn, belə tarif "Memar Əcəmi" metro stansiyası yaxınlığında yerləşən əyləncə mərkəzlərindən biri üçün dərc olunub.
İki uşağın bir saatlıq əyləncəsi valideynlərə 14 manata başa gəlir. Mərkəzin ümumi ərazisinə giriş pulsuzdur. Valideynlər özləri atraksionlardan istifadə etmədikləri halda uşaqları əlavə bilet almadan müşayiət edə bilərlər.
Nahar üçün ikinci variantdakı qiymətləri əsas götürək: hər biri 5 manata iki ikiqat toyuq dönəri, 2,50 manata iki adi dönər, 1 manata dörd ayran və 2 manatlıq içməli su.
Xərc| Məbləğ
İki uşaq üçün batut zonası, 1 saat| 14,00 manat
İki ikiqat toyuq dönəri| 10,00 manat
İki adi toyuq dönəri| 5,00 manat
Dörd ayran| 4,00 manat
İçməli su| 2,00 manat
Metro ilə gediş-gəliş| 4,80 manat
Cəmi| 39,80 manat
Ailənin sərəncamında 10,20 manat qalır.
Bu məbləğlə əlavə əyləncələri də nəzərdən keçirmək mümkündür.
Məsələn, bəzi oyun mərkəzlərinin dərc olunmuş tariflərində oyun avtomatlarından bir dəfə istifadə üçün 1–3 manatlıq qiymətlərə rast gəlinir.
Belə oyunlara əlavə 6 manat xərclənsə, ümumi məbləğ 45,80 manat təşkil edəcək.
Bununla belə, valideynlər batutlardan istifadə üçün yaş məhdudiyyətlərini, uşaqların müşayiəti qaydalarını və xüsusi avadanlıqla bağlı mümkün tələbləri əvvəlcədən dəqiqləşdirməlidirlər. Bəzi əlavə xidmətlər ödənişli ola bilər.
Hansı daha sərfəlidir: kino, zoopark, yoxsa attraksionlar?
Müqayisəmiz göstərdi ki, hər üç variantda 50 manatlıq büdcəyə sığmaq mümkündür. Lakin əsas xərclərdən sonra qalan məbləğlər fərqlidir.
Ən bahalı variant kinoya getmək oldu. Dörd bileti tapdığımız ən aşağı qiymətə alıb münasib qiymətli nahar etdikdə cəmi 2,30 manat qalır.
Zoopark nisbətən qənaətcil seçimdir. Biletlər, yemək və metro xərclərindən sonra 6,20 manat qalır. Ancaq bu istirahət növü hava şəraitindən xeyli asılıdır.
Ən sərfəli seçim isə batutda bir saatlıq əyləncə oldu. Bu variantda ailənin büdcəsində əlavə oyunlara və ya kiçik şirniyyatlara xərcləyə biləcəyi 10,20 manat qalır.
Nəzərə almaq lazımdır ki, hesablamalar Bakı ailələrinin orta xərclərinə deyil, konkret dərc olunmuş qiymətlərə əsaslanır. Seçilən məkan, biletin qiyməti, marşrut və əlavə alış-verişdən asılı olaraq yekun məbləğ dəyişə bilər.
Nəyə qənaət etmək olar, nəyə yox?
Büdcəyə uyğun ailəvi istirahətin əsas qaydası əvvəlcədən bir əsas əyləncə seçməkdir.
Məsələn, kino bileti 6 deyil, 10 manat olarsa, dörd nəfər yalnız biletlərə 40 manat ödəyəcək. Yol xərcləri də əlavə edildikdə büdcənin böyük hissəsi tükənəcək və nahar üçün kifayət qədər pul qalmayacaq.
Oxşar vəziyyət uşaq attraksionlarında da yaranır. Hər biri 3–5 manat olan bir neçə oyun ümumi xərcləri hiss olunmadan daha 15–20 manat artıra bilər.
Qidalanma xərcləri də diqqət tələb edir. Dörd nəfər üçün dönər və içkilərlə kifayətləndikdə nisbətən münasib qiymətə nahar etmək olar. Lakin bir neçə yeməkdən, desertdən və içkilərdən ibarət tam restoran naharı xeyli baha başa gələcək.
Nəqliyyat xərclərini də unutmaq olmaz. Hesablamalarımızda hər ailə üzvünün metro ilə iki dəfə hərəkət etməsi nəzərdə tutulub. Bir gediş üçün 60 qəpik tariflə dörd nəfərin ümumi yol xərci 4,80 manat təşkil edir.
Avtobusla əlavə səfərlər, taksi və ya avtomobilin parklanması üçün ödənişlər yekun məbləği artıracaq.
Bəs 50 manat ailəvi istirahətə kifayət edirmi?
Bəli, amma seçim etmək şərtilə.
Bu məbləğə iki böyük və iki uşaqdan ibarət ailə kinoya, zooparka və ya qapalı əyləncə mərkəzinə gedə, münasib qiymətli iaşə obyektində nahar edə və metro ilə evə qayıda bilər.
Lakin eyni büdcə ilə bir neçə bahalı əyləncə, restoranda geniş çeşidli nahar və əlavə alış-veriş etmək real görünmür.
Araşdırmamız göstərdi ki, təklifləri diqqətlə seçməklə ailəvi istirahəti təxminən 40–50 manata təşkil etmək mümkündür.
Ancaq əsas məsələ yalnız bu məbləğlə məqsədə çatmaq deyil, belə istirahətin ailənin bütün üzvləri üçün nə dərəcədə rahat və maraqlı olmasıdır.
Bəs siz iki uşaqla bir istirahət gününə adətən nə qədər pul xərcləyirsiniz? Bakıda 50 manata yaxşı istirahət etmək mümkündür, yoxsa dörd nəfərlik ailə üçün bu məbləğ artıq kifayət etmir?