20–22 oktyabr tarixlərində Çinin Sanya şəhərində Asiya Elmlər Akademiyasının Baş Assambleyası baş tutub. Tədbirdə Azərbaycan elmi ictimaiyyəti üçün mühüm qərarlar qəbul edilib.
Bakuplus.az xəbər verir ki, assambleyanın qərarı ilə Akademiyanın nəzdində İnteqrativ Tibb üzrə Beynəlxalq Elmi Şura təsis olunub və onun tərkibi təsdiqlənib. İnteqrativ təbabətdə elmi araşdırmalar Mərkəzinin direktoru, biznes idarəçiliyi üzrə fəlsəfə doktoru və Asiya Elmlər Akademiyasının müxbir üzvü Elxan Yaqubov yeni qurumun sədri seçilib.
Beynəlxalq Elmi Şuranın əsas hədəfləri inteqrativ tibb sahəsində araşdırmaları əlaqələndirmək, beynəlxalq əməkdaşlığı genişləndirmək, praktik həkimlər üçün tövsiyələr hazırlamaq və sübuta əsaslanan müalicə protokolları işləyib hazırlamaqdır.
Digər əlamətdar hadisə isə tibb elmləri doktoru, professor Akif Qurbanovun əldə etdiyi uğur olub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini və Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov Asiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Azərbaycan alimlərinin beynəlxalq elmi qurumda rəhbər və üzvlük səviyyəsində təmsil olunması ölkəmizin elmi potensialının beynəlxalq əməkdaşlıq müstəvisində təqdim edilməsi baxımından əhəmiyyətli hadisədir.