Bakıda qarlı hava şəraiti ilə əlaqədar 35 yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 9 yanvar tarixində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəsmisi Araz Əsgərliyə istinadən Avtosfer məlumat verib.
Verilən məlumata görə, qəzalar zamanı xəsarət alan olmayıb, avtomobillərə yüngül ziyan dəyib.
BŞDYPİ-nin rəsmisinin sözlərinə görə, yollarda piyadaların təhlükəsizliyi və avtomobillərin fasiləsiz hərəkəti üçün zəruri tədbirlər görülür. Polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
“Hazırda paytaxtın mərkəzi rayonlarında hərəkət tam bərpa olunub. Çətinlik müşahidə edilən müəyyən küçə və prospektlərə isə DYP əməkdaşları cəlb olunublar, hərəkətin tənzimlənməsi üçün tədbirlər görülür”, - deyə A.Əsgərli qeyd edib.