“8 noyabr - Zəfər günü”ndə Bakı şəhəri tarixində ən uzun sürən atəşfəşanlığın keçiriləcəyi planlaşdırılır. Bu haqda Sputnik Азербайджан tədbirin həvalə olunduğu "Bolşoy prazdnik" (“Большой праздник”) şirkətinin direktoru Emin Cəfərova istinadən xəbər verib.
16 dəqiqə davam edəcəyi gözlənilən şou Bakıda Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək. Bütün bu tədbir Azərbaycanın klassik bəstəkarlarının bəstələdiyi əsərlərin müşayiəti altında baş tutacaq.
Tədbirin sifarişçisinin Bakı İcra Hakimiyyətinin olduğu bildirilir. Hal-hazırda Bakı Bulvarında hazırlıq işləri öz axarında davam edir.
Bundan başqa, “Zəfər günü” "Dəniz Mall" Ticarət və Əyləncə mərkəzində təntənəli şəkildə qeyd olunacaq. Keçiriləcək sərgidə Bakı Kamera orkestri, uşaq və böyüklərdən ibarət xor kollektivləri çıxış edəcək.