Paytaxtın müxtəlif ərazilərində yerin altından sular çıxır və küçə boyunca axaraq yol infrastrukturunun dağılmasına səbəb olur. Yolların yararsız hala düşməsi sürücüləri də narahat edir. Bu haqda bu gün, 19 yanvar tarixində ATV-yə istinadən Bakuplus.az məlumat verir.
Anar Nəcəfli, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi: “Əməkdaşlarımız ərazilərə mütəmadi olaraq baxış keçirirlər. Belə bir hal aşkarlandıqda aidiyyəti qurumlara dərhal məlumat verilir, həmin problem tez aradan qaldırılsın ki, asfalt-beton örtüyünə ziyan dəyməsin”.
Problem yeraltı su yataqlarından qaynaqlanmır. Su və ya kanalizasiya xətlərindəki nasazlıqlar da yolları korlayır.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı: “Su və kanalizasiya xətləri, əsasən, avtomobil yolları boyunca çəkilir. Əgər xətdə hansısa qəza baş verirsə, sular avtomobil yoluna çıxır. Bu halda biz bu magistral yola məsuliyyət daşıyan təşkilatdan qazıntı və təmir işləri aparmaq üçün icazə alırıq. Daha sonra asfaltın bərpası asfalt şirkəti tərəfindən həyata keçirilir”.
Qurum rəsmisini məlumatlandırdıqdan sonra “Azərsu” ASC-nin əməkdaşları sözügedən ünvanlardakı problemləri aradan qaldırıblar.