Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Bakıda mövcud olan ekoloji problemlərdən danışıb. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Onun sözlərinə görə, gündəlik Bakıda təxminən 1 milyon kubmetr tullantı suyu mərkəzləşdirilmiş təmizlənmədən keçmədən ətraf mühitə axıdılır. Bu, ümumi axının 40 faizidir.
"Başqa bir problem isə irimiqyaslı layihələrin icrası zamanı yol verilən uyğunsuzluqlardır. Məsələn Bakının Pirşağı qəsəbəsində 60 min insan üçün nəzərdə tutulan sutəmizləyici qurğu qurulub. Amma tullantı sularını təmizləyici qurğuya yönəldəcək kanalizasiya sistemi qurulmayıb. Lökbatan qəsəbəsində isə sutəmizləyici qurğu yoxdur, amma bütün xətlər çəkilib. Layihələrin bir-birinə uyğunlaşdırılması yaxşı olardı", – deyə o qeyd edib.
Rasim Səttarzadə torpağın neftlə çirklənməsi məsələsinə də toxunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda belə torpaqların təmizlənməsi üçün 2024-2030-cu illər üzrə yeni dövlət proqramı hazırlayıb. Həmin plan artıq hökumətə təqdim edilib.