Azərbaycan və Türkiyə rəsmiləri hazırda paytaxt Ankaradan şimal-şərqdəki Qars vilayətinə hərəkət edən "Orient Express" sərnişin qatarının marşrutunun Bakıya uzadılmasını müzakirə ediblər. Bu haqda bu gün, 24 avqust tarixində Report məlumat verib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun sözlərinə görə, bu, yaxın illərdə mümkün ola bilər.
"Hər zaman yükdaşıma ilə bağlı məsələləri müzakirə edirik. Qarşıdakı illərdə infrastruktur hazır olanda sərnişin daşınması niyə həyata keçirilməsin?!" - deyə nazir sərnişindaşıma imkanlarını qiymətləndirib.
Bunun Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilə biləcəyi qeyd edilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci il oktyabrın 30-u tarixində açılıb və Avropanın yükdaşıma dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir.