Paytaxtın Suraxanı rayonu, Binə qəsəbə sakini Telnaz Bağırovaya məxsus fərdi evin həyətindən mənbəyi bilinməyən su çıxır. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Qadının sözlərinə görə, bir neçə ay əvvəl o, su çıxdığını görərək aidiyyəti qurumlara müraciət edib. Lakin Suraxanı Rayon Sukanal İdarəsinin əməkdaşları baxış keçirdikdən sonra qadın indiyə kimi suyu həmin qazılan hissədən vedrə ilə daşıyaraq kənara tökür. Qadın iddia edir ki, evin zirzəmisi kanalizasiya suyu ilə doludur.
Suraxanı Rayon Sukanal İdarəsindən bildirilib ki, həmin ərazidən keçən borular “Azərsu” ASC-nin səlahiyyətində deyil. Adıçəkilən boru uzun müddət əvvəl suvarma məqsədilə çəkilib. İstifadə edilmədiyi üçün şəhər sakinləri kanalizasiya xətlərini bu boruya qoşulublar ki, bu da yüklənmədən problemlər yaradıb. İdarənin rəhbərliyi buna baxmayaraq, vətəndaşa köməklik göstəriləcəyini və sızmanın qarşısının alınacağını bildirib.