Bakıda “Dönər market” ictimai iaşə müəssisəsində baş vermiş zəhərlənmənin səbəbləri məlum olub. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Zərərçəkənlərdən və ictimai iaşə müəssisəsindən toplanan nümunələrin yoxlanması nəticəsində məlum olub ki, məhsullar emal prosesində ikincili çirklənməyə məruz qalıb.
İşçi heyətin gigiyenik norma və qaydalara, dezinfeksiya rejiminə, həmçinin şəxsi gigiyena qaydalarına əməl etməməsi səbəbindən qida məhsullarında, həm də avadanlıqlarda çirklənmə baş verib.
Yoxlama zamanı müəssisə işçilərinin dövri tibbi müayinədən keçmədən fəaliyyət göstərməsi, zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılmaması müəyyən edilmişdir.
Hüquqi qiymətin verilməsi üçün aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub.