Azərbaycanın yeni ədliyyə naziri təyin olunub. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
45 yaşlı Fərid Əhmədov Ədliyyə Nazirliyinə başçılıq edəcək. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
F.Əhmədov Bakı Dövlət Universitetində (BDU) Hüquqşünaslıq ixtisası üzrə bakalavr, Beynəlxalq hüquq üzrə magistr təhsili alıb. “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində Beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. İngiltərənin Oksford Universitetində isə “Weidenfeld” təqaüdçüsü olaraq hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Yeni nazir öncə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb, Azərbaycan Universitetinin rektoru olub. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin öncə müşaviri, daha sonra isə müavini təyin edilib.