Hərbi xidmətdə olarkən Bakıda avtoşluq edən şəxsin istintaqı yekunlaşıb. Bu haqda 3 sentyabr tarixində Kriminalqafqaz məlumat verib.
Respublika Hərbi Prokurorluğunda aparılan istintaqın materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Əziz Məlikovun cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib. Yaxın günlərdə hazırlıq iclasının keçirilməsi və işin baxışa verilməsi nəzərdə tutulub.
Əziz Məlikov CM-in “Hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsi”, “Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma” və digər maddələri ilə mühakimə olunacaq.
Belə ki, aprelin 26-da gecə saat 01:30 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Əziz Məlikov əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb.
Onun yeri bir neçə günlük axtarışlardan sonra müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.
Əzizin atası Soltanpaşa Əzizov tanınmış iş adamıdır. O, Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.