Bakıda 280 minlik evi yandırmaq istəyən şəxsə 3 il 6 ay müddətində cəza verilib. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Təqsirləndirilən şəxs Rəşad Camalov (şərti) su şüşələrinə yanacaq doldurmaqla "molotov kokteyl”lərini qayınatasının həyət evinin pəncərəsinə atıb. O, 2 ədəd plastik pəncərəni, 1 ədəd pəncərə torunu, evin divarını və kondisionerin mühərrikini qəsdən yandıraraq 670 manat məbləğində əmlakı məhv edib. Bundan əlavə, yanğını söndürmək istəyərkən qayınatası yüngül dərəcəli yanıq xəsarətləri alıb.
Hadisənin baş verməsinin səbəbi Camalovun yoldaşını qısqanması olub. Qadın bir müddət öncə atasıgilə gedib. Rəşad yoldaşı ilə danışmaq istəsə də, o, razı olmayıb. Təqsirləndirən şəxs isə qadının yaşadığı evi yandırmaq istəyib.
Camalov külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etməkdə ittiham edilib. Xəzər Rayon Məhkəməsinin hökmü ilə, Rəşada 3 il 6 ay şərti cəza verilib.