Metropolitenin “Həzi Aslanov” stansiyasının fəaliyyəti dayandırıla bilər. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Yayılan məlumatlara əsasən, adıçəkilən stansiyaya qrunt suları axır. Bu səbəbdən də burada genişmiqyaslı təmir işləri aparıla bilər.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı bildirib ki, stansiyaya qrunt sularının sızması doğrudur, ancaq bu problem tezliklə aradan qaldırılıb.
O əlavə edib ki, metropolitenin bəzi stansiyalarında planlı təmir-bərpa işləri aparılacaq. Bu halda, əgər zərurət yaranarsa, bəzi stansiyalar müvəqqəti bağlana bilər. Bununla bağlı ictimaiyyətə öncədən xəbərdarlıq ediləcək.