Bakının Nəsimi rayonu ərazisində, “Memar Əcəmi” metrosunun yaxınlığında avtoxuliqanlıq əməlləri törətmiş “Toyota Prius” markalı avtomobilin sürücüsünün cinayət işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az APA-ya məlumat verir.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov tərəfindən baxılacaq.
İş üzrə 7 nəfər və Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan mətbəə zərərçəkmiş kimi tanınıb.
Hadisə cari ilin aprel ayında baş verib. Dövlət qeydiyyat nişanı olmayan “Prius” markalı avtomobilin sürücüsü polisə tabe olmayaraq, dəfələrlə qaydaları pozub, ətrafdakıların həyat və sağlamlığına təhlükə törədib, bir neçə avtomobili əzib.
“Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir. Əvvəllər müxtəlif maddələrlə məhkum olunan 36 yaşlı Rauf Qurbanovun avtomobilində külli miqdarda satış məqsədli narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.