Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzindəki yenidənqurma işləri ilə tanış olublar. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
S.Vəlixanlı küçəsində yerləşən mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Burada 1500 nəfər şagirdin məşğul olması mümkün olacaq, eləcə də binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.
85 il öncə inşa edilən binada ilk öncə Pionerlər Sarayı yaradılmışdı. Burada texniki yaradıcılıq, bədii tərbiyə, təsviri sənət, fiziki tərbiyə dərnəkləri fəaliyyət göstərirdi. Daha sonra sarayda xoreoqrafiya, xalq çalğı alətləri, qarmon ifaçıları və xor kollektivlərindən ibarət mahnı və rəqs ansamblı yaradılmışdı.
1961-ci ildə saraya dünyanın ilk kosmonavtı Yuri Qaqarinin adı verilmişdi. 1991-ci ildə isə bina Tofiq İsmayılov adına Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırılmışdır. 2016-cı ildən etibarən 3 mərkəz - Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılmışdır.
[URIS id=85775]