Bakı-Ələt yolunun Qaradağ rayonu ərazisindən keçən bir hissəsində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib. Bu haqda bu gün, 21 yanvar tarixində Avtosfer məlumat verir.
"Qaradağ market"ə təxminən 100-150 metr qalmış radarın quraşdırılması və ərazidə sürət həddinin endirilməsi sürücülər tərəfindən narazılıqla qarşılanıb. Sürücülər ətrafda yaşayış massivi olmadığı halda sürət həddinin endirilməsinin ərazidəki marketlə əlaqəli olduğunu iddia edirlər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) nümayəndəsi Rövşən Tağıyev həmin dəyişiklikləri yolun bu hissəsində piyadaların iştirakı ilə tez-tez qəzaların baş verməsi ilə əlaqələndirib.
“Bu səbəbdən də həmin ərazidə yaşayan vətəndaşlar tərəfindən BDYPİ-yə müraciətlər daxil olurdu. Sözügedən müraciətlər əsasında əraziyə baxış keçirildi, monitorinqlər aparıldı. Yekun nəticədə vətəndaşların müraciəti nəzərə alınaraq yolda sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.
Sürücülərdən xahiş olunur ki, bu yoldan keçən zaman qeyd edilən sürət həddinə, yol nişanlarının tələblərinə riayət etsinlər, özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarına biganə yanaşmasınlar”, - deyə Tağıyev bildirib.