Bu gün, 29 dekabr tarixində Baş Prokurorluğun İstintaq İdarəsində Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynov barəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Bu haqda qurumun mətbuat xidməti məlumat verib.
Araşdırmalarla müəyyən edilib ki, Əhməd Hüseynov qabaqcadan əlbir olduğu bir qrup şəxslə dövlət və bələdiyyə mülkiyyətində olan, ümumi dəyəri 1.824.000 manat olan torpaq sahələrini ələ keçirməyə cəhd göstərib. Həmin şəxs, həmçinin rəsmi sənədlərin saxtalaşdırılması ilə məşğul olub.
Əhməd Hüseynova Cinayət Məcəlləsinin “Cinayət etməyə cəhd”, “Dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə”, “Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda vəzifə səlahiyyətlərini aşma”, “Vəzifə saxtakarlığı” və digər maddələrlə ittiham irəli sürülüb və 27 dekabr 2022-ci il tarixdə cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.