Ukrayna vətəndaşı Bakıda dələduzluğa məruz qalıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
31 yaşlı Yelena Prudkoqlyad xərçəng xəstəsi olan azyaşlı övladı ilə Bakıda köməksiz vəziyyətdə qalıb. O, sinif yoldaşının təklifi ilə Bakı gəldiyini deyir:
“Sinif yoldaşım Anya adlı xanımdır. Vəd vermişdi ki, uşağımı müalicə elətdirəcək, mənə isə iş tapacaq. Bütün pullarımı ona yollamışdım. Bakıya düşən kimi ona zəng etdim, amma əlaqə saxlaya bilmədim”, – deyə Yelena qeyd edib.
O, əlavə edib ki, Ukrayna səfirliyi ona maddi yardım edə bilməyəcək, ancaq kömək toplamaq üçün sosial şəbəkədə paylaşım edəcək.
“2 gündür taksi sürücüləri mənə yardım edirlər. Uşağıma çörək almağa belə pulum yoxdur”, – deyə qadın əlavə edib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılacaq. Yelena isə övladı ilə birlikdə sığınacağa yerləşdirilib.