WhatsApp hesablarına kütləvi kiberhücumlar olur. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata əsasən, hazırda 1000-ə yaxın vətəndaş WhatsApp hesablarının ələ keçirilməsi ilə bağlı müraciət edib. Bununla bağlı Elektron Təhlükəsizlik Xidməti (ETX) “Meta Platforms, Inc.” şirkəti ilə danışıqlar aparılır.
“WhatsApp mobil tətbiqində hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməyi, tanımadıqları şəxslərdən göndərilən şübhəli keçidlərə daxil olmamağı, onlara göndərilən OTP kodlarını başqa şəxslərlə paylaşmamağı və tətbiqin ən son versiyasını yükləməyi tövsiyə edirik”, – deyə qurum paylaşım edib.
Bundan əlavə, bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.