Bakı Metropoliteninin “Xocəsən” elektrik deposu və eyniadlı yerüstü stansiyasında tikinti-quraşdırma işləri yekunlaşıb. Bu haqda bu gün, 22 dekabr tarixində qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova istinadən Trend məlumat verib.
Məmmədov bildirib ki, hazırda stansiya və deponun ərazisində tənzimləmə və sınaq işləri aparılır.
"Hazırda stansiya və depoda inşaat işləri tam yekunlaşıb. Quraşdırma, sazlama, tənzimləmə və infrastrukturla bağlı məsələlərin tam əksəriyyəti həllini tapıb. Hazırda sınaq və tənzimləmə işləri aparılır. Zəruri yerlərdə texnoloji proseslərə uyğun olaraq, sazlanma işləri davam etdirilir".
Metronun yeni stansiyasının bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.